slide

Cəlil Məmmədquluzadə

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (doğum - 22 fevral 1869, Naxçıvan – ölüm - 4 yanvar 1932, Bakı) — azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri , qüdrətli dramaturq və publisistdir

Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur
Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894;1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.

19003-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.

İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı."Molla Nəsrəddin" jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş və 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etmişdir.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

Son illərdə akademik İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İran) yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.
Ailə həyatı
1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. İkinci dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

 

Dini görüşləri

Cəlil Məmmədquluzadənin dini görüşləri, ümumiyyətlə, mübahisə doğurur. Bəzi mənbələrə görə o ateist, bəzi mənbələrə görə isə sadəcə müsəlman demokratizminin tərəfdarı olmuşdur. Amma bu dəqiqdir ki, o öz əsərlərində dövrünün ekstremist düşüncələrinə, cahilliyə, savadsızlığa və dini xurafatlara qarşı kəskin tənqidi fikirlər səsləndirmişdir

 


1