Məhsul kodu: 8892
Tarixşünaslıq elmində, xüsusilə də Səlcuqlu dövrü araşdırmaları arasında Yaqutilər ailəsi haqqında bu kitaba qədər ən kiçik məqalə belə qələmə alınmayıb. Halbuki üç nəsil boyunca davam edən Yaqutilərin Azərbaycan və Anadolu türklərinin tarixində əvəzolunmaz rolu olmuşdur.
Monoqrafiya Azərbaycanda 60 il davam edən bir Oğuz-Səlcuqlu ailəsi olan Yaqutilər haqqında elmi ədəbiyyatda qələmə alınmış ilk və tək tədqiqat əsəridir. Yaquti ailəsi üç nəsil, yəni 1043-1103-cü illər arasında Azərbaycanı, indiki Cənubi Qafqazı və Şərqi Anadolunu öz mülkləri kimi idarə ediblər. Sultan Məlikşahın 1092-ci ildə vəfatından sonra Böyük Səlcuqlu taxtı uğrunda hakimiyyət mübarizəsinə qoşulan Yaqutilər ailənin son nümayəndəsi Məvdudun erkən vəfatı və özündən sonra varisinin olmaması səbəbindən süqut etdi.
Tədqiq olunan dövr Azərbaycan, Anadolu, İraq, Suriya və Fələstin, ümumilikdə Yaxın və Orta Şərq tarixində səkkiz əsr davam edəcək oğuz-türk siyasi, hərbi-inzibati və mədəni strukturların təməllərinin hansı şəraitdə və hansı əsaslar üzərində atıldığının öyrənilməsi baxımından son dərəcə mühümdür. Xanədanın banisi Yaqutinin Böyük Səlcuqlu dövlətinin qurucularından Çağrı bəyin oğlu, Sultan Toğrul bəyin qardaşı oğlu və Sultan Alparslanın qardaşı olması onun Səlcuqlu dövlətinin qurucuları arasında yer almasına və xüsusilə də imperiyanın “Qərb siyasəti”nin (Bizans siyasəti) memarı olmasına səbəb olmuşdur. Bu baxımdan Yaqutilər dövrü bölgənin xristian xalqlarının dini-sosial-mədəni baxımdan formalaşma prosesində də yeni bir mərhələ təşkil edir.