Məhsul kodu: 1707
Serb nasiri və komedioqrafı Branislav Nuşiçin (1864‒1938) ən gözəl əsərlərindən biri olan “Özbioqrafiyam” 1924-cü ildə yazılıb.
Bu kitabın yaradılmasının bilavasitə səbəbi Serbiya Akademiyasının yazıçını öz üzvlüyünə qəbul etməkdən boyun qaçırması olub. Həmin vaxta aid olan məktublarının birində Nuşiç Akademiyaya seçilməməsinin səbəblərini belə izah edir:
“Mənə məlum olduğuna görə, Akademiya aşkar etmişdir ki, mən lazımınca “akademik sima” (ədəbi cəhətdən) deyiləm və buna görə də məni oraya daxil etmək yaramaz. Yəni əslində də bunu söyləmək artıqdır ki, “akademik sima” həqiqətən mənim ondan çox-çox uzaq olduğum tamamilə başqa bir şeydir. “Akademik sima” o şəxsdir ki, otuz il köhnə kitabların içində eşələnir və inadlı zəhmətdən sonra, Dosifeyin ilk dəfə X-ə bu vaxta qədər güman edildiyi kimi aprelin 14-də yox, martın 27-də gəldiyini kəşf edir; “akademik sima” o şəxsdir ki, hansı bir mahaldasa müqəddəs Savva haqqında on illərlə xalq nağıllarını toplayır; “akademik sima” qırx-əlli il serblərin tarixində qurdalanır ki, sonradan yeddi səhifəlik kiçicik bir kitab yazsın; “akademik sima” özgə arxivlərini alt-üst edir, özgə məktublarını və kitablarını qurdalayıb bioqrafiyalarda ölüm tarixlərini dəqiqləşdirir. Bir sözlə, “akademik sima” elə bir ölməz şəxsdir ki, hələ diri ikən ölür və ilk ehsanlardan sonra unudulur.”
Akademiya üzvlüyünə namizədlər özbioqrafiyalarını yazmalı idilər. Nuşiç də bu qaydaya məsxərə ilə təqlid edərək “Özbioqrafiyam” kitabını yazır.
Onu da qeyd etmək lazımdır ki, yalnız 1933-cü ildə Akademiya istedadlı yazıçını akademik adına “layiq” görməyi mümkün hesab edib.
Məşhur bioqrafiyasında Branislav Nuşiç gəncliyində baş verən ən gülməli hadisələri təsvir edir. Kitab akademik avtobioqrafiyanın parodiyasıdır – kinayəli və özünəironiyadır.
“Özbioqrafiyam” yazıçının aşıb-daşan yumorunda bədii formaların müxtəlifliyinin valehedici nümunələrindən biridir.
Xüsusi istehza kimi Nuşiçin bu əsərində müəllifin həyat hekayəsi onun evlənməsi ilə sona çatır.