Məhsul kodu: 11268
Yohan Heyzinq (Johan Huizinga, 1872-1945) — Niderlandlı filosof, tarixçi və mədəniyyət araşdırmaçısı olub. Əvvəl Groningen Universitetinin, daha sonra Leiden Universitetinin proffessoru olub. Niderland alman faşist işğalında olarkən, 1942-ci ildə Yohan Heyzinq 3 ay müddətinə həbs olunur və sonra Leidendə yaşamasına izn verilmir. 1945-ci ilin fevralında, savaşın bitməsinə 4 ay qalmış bu böyük alim Arnem şəhəri yaxınlığında yaşayan dostunun evində vəfat edir.
Heyzinq Orta Əsrlər və İntibah dövrünün Avropa tarixi sahəsində apardığı araşdırmalara görə dünyada şöhrət qazanıb. Ən məşhur əsərləri Orta Əsrlərin Payızı (1919), Erazm (1924) və Homo Ludens ( Oynayan İnsan , 1938) traktatıdır.
Yohan Heyzinqin əsərlərinə maraq illər keçdikcə artmaqdadır. Buna səbəb onun tarixi gerçəklərə sadiq qalmasında, onu araşdırarkən faktları ideologiyalara tabe tutmamasındadır. Heyzinqə görə tarix ondan dərs çıxartmaq üçün deyil, tarix canlı və çoxüzlü prosesdir, bəzən o başqa cür də cərəyan edə bilər. Ona görə tarixin hər hansı məqsədi və məcburiyyəti yoxdur, onun nə hər şeyi təyin edən prinsipləri, nə də hərəkətverici motoru vardır. Heyzinq tarixi prosesləri analiz edərkən onun monolit vəhdətini inkar edir. Bu yanaşma onun əsərlərinə inandırıcılıq verir. Heyzinq tarixi proseslərə pozitivist açıdan baxmır və bu proseslərin rasional izahı olduğunu iddia etmir.